Studyprog

Studyprog layihəsi 6-8 noyabrda keçən Startap Günlərində 3-cü yerə layiq görülüb. Sizə Xəbərlər.az saytından məlumatı çatdırırıq:

Günlər çərçivəsində iştirakçılar tərəfindən təqdim edilən 25  ideyanı münsiflər  təhlil edib və onlardan  6-sı  qalib gələrək bu ideya ətrafında komanda formalaşdırmaq və layihə hazırlamaq şansı qazanıb.

Seçilən innovativ biznes ideyaları ətrafında Günlərin iştirakçılarından ibarət olmaqla 4-6 nəfərlik 6 startap komandası formalaşdırılıb.

Seçilmiş komandalara Günlər çərçivəsində beynəlxalq ekspert Justin Crevierin "Marketing Yourself and your Business " ( Sizin marketinq və biznesiniz) mövzusunda təlim keçib.

Daha sonra Azərbaycan startap sahəsindən yaxından tanıdığımız Orxan Rzayev komandalara “Yeni startapı necə təqdim etməli” mövzusunda təlim keçib.

Startap Günləri boyunca komandalar ekspertlərin və mentorların dəstəyi ilə layihələrin ilkin versiyalarının hazırlanması üzərində işləyiblər.

Startap Günlərinin iştirakçıları eyni zamanda beynəlxalq startap tədbirlərində və beynəlxalq müsabiqələrdə iştirak edən ekspertlərimizlə görüşüblər. Görüş gənc startapçılarla diskussiya şəraitində davam edib.

Bu gün isə tədbirin son günü keçirilib və qalib komandalar açıqlanıb.

Xeberler.az-ın məlumatına görə, komandalar bu gün səhərdən münsiflər qarşısında layihələrinin ilkin versiyasının-prototiplərinin təqdimatatını ediblər. Hər komandaya çıxış üçün 3 dəqiqə vaxt verilib.

Qeyd edək ki, bu mərhələdə 6 komanda –layihə yarışıb:

Düşünən beyinlər - startapın əsas məqsədi sürücüləri xüsusi proqramlar vasitəsilə avtomobil qəzalarından qorumaqdır. Yaradılan ağıllı qurğular vasitəsilə istifadəçinin təhlükəsizliyi təmin olunur.

Çağır Gəlsin- layihə yerli bazar üçün nəzərdə tutulmuş kuryer xidməti göstərən startapdır. Startapın əsas məqsədi müştəriyə ucuz qiymətə xidmət göstərəcək münasib şəxsləri işə cəlb etməkdir.

Study Prog- Azərbaycanda olimpiada proqramlaşdırmanın inkişafı üçün yaranıb. Layihə demək olar ki, onlayn təhsil sistemidi, müəllimlər cəlb edildikdən sonra burada vebinar, videomühazirələr və s. yerləşdirmək nəzərdə tutulub.

Vahid mütəxəssis bazası- startapın mahiyyəti müxtəlif ixtisaslar üzrə olan mütəxəssisləri bir platformaya toplamaqdır. İşəgötürənlərin işini asanlaşdırmaq üçün nəzərdə tutulub.

MusicBeez- bu platforma istifadəçilərə bəyəndikləri musiqini səs çoxluğu ilə seçdikləri müğənnilərdən dinləmək şansı yaradır. Belə ki, istifadəçilər sistemə daxil olur və istədiyi müğənninin başqa müğənniyə aid mahnısını qeyd edir. Daha sonra həmin müğənni səs çoxluğuna görə istəyi dəyərləndirir.

Banging Games - Banging tanks müxtəlif yaşlı istifadəçilər üçün nəzərdə tutulmuş oyundur. İstifadəçinin bu oyunu metroda, yolda gedərkən rahatlıqla oynaya bilməsi və asan istifadəsi üçün yaradılıb. Gələcəkdə oyunun dizaynı və funksiyaları daha da təkmilləşdiriləcək.

Layihələri münsiflər 10 ballıq sistemlə dəyərləndirib.

Nəticədə yüksək bal toplayan MusicBeez komandası qalib olub.

2-ci yeri Banging Games, 3-ci yer isə Study Prog layihəsi tutub.

Startap Günləri 2015 –in qalib layihələrinə və qalib layihələrin hər bir iştirakçısına ATL Group və Bakcell şirkətlərinin qiymətli hədiyyələri və diplomlar təqdim olunub.

Həmçinin tədbirlərin bütün mərhələlərində aktiv iştirak edənlərə "Startap Azərbaycan " müsabiqəsinin sertifikatı təqdim edilib.

Startap Günlərinə Rabitə və Yüksək Texnologiyaları Nazirliyi, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, Yüksək Texnologiyalar Parkı, Cybernet, SİNAM, Bakcell şirkətləri və ATL Group şirkəti dəstək verib.

Startap Azərbaycan tərəfindən Bakıda Yüksək Texnologiyalar Parkında Startap Günləri keçirilib. Tədbir 3 gün davam edib. Bu günlər ərzində iştirakçılara biznes haqqında təlim keçirilib, startap aləmindən yaxından tanıdığımız məşhur startapçılar onlara biznesin həlli yolları mövzusunda, komanda formalaşdırmaq və ideyanı inkişaf etdirmək haqqında öz fikirlərini bölüşüblər.

Əli Vəliyev hesab edir ki, Startap Günlərində təcrübəli ekspertlərlə ünsiyyətdə olmaq ona çox şey qazandırıb: “3 gün ərzində keçirilən Günlərdə çoxlu məlumat qazandım. Konfransın birinci günündə ekspertlər arasında müzakirə olunan mövzulardan biri də informatika fənninin tədrisi ilə bağlı yaranan problemlər idi. Mənim layihəm də sırf təhsillə əlaqəli olduğu üçün həvəslə təqdim etdim. Startap günləri maraqlı idi, hesab edirəm ki, uğurlu biznesə doğru addımlamaq istəyən hər bir gəncin yolu startap günlərindən keçməlidir”.

Səbinə İsayeva Xeberler.az-a bildirir ki, tədbir çərçivəsində iştirakçılar üçün yaradılan imkanlar (dəvət olunmuş təlimçilər, ekspertlər, məşhur startapçılar və s.) yüksək səviyyədə təşkil olunub: “Startap Günləri ərzində çoxlu maraqlı, vacib informasiyalar əldə etdim. Birincisi, biznesi necə yaratmaq olar, onun yollarını öyrəndim. Düşünürəm ki, bu istiqamətdə xarici biznes haqqında məlumatlandırılmaq, ondan bəhrələnmək, uğurlu biznes yaratmağın asan yollarını müzakirə etmək vacib idi. Buna görə də təşkilatçılar tərəfindən dəvət olunan beynəlxalq ekspert Justin Crevierin "Marketing Yourself and your Business " ( Sizin marketinq və biznesiniz) mövzusunda keçdiyi təliminə həvəslə qulaq asdım. O cümlədən komandada işləmək, layihəni təqdim etmək, müsahibədə düzgün davranış qaydalarına dair önəmli belə biliklər əldə etdim”.

Vaqif Kazımov Xeberler.az-a bildirib ki, startap atmosferi ilə tanış olmaq, maraqlı insanlarla ünsiyyət saxlamaq xoş idi. “Startap layihələri haqqında eşitmişdim, amma iştirak etməmişdim. Yaxşı ki gəldim və iştiakçı oldum. Bu 3 gün ərzində startap mühiti ilə tanış olmaq çox maraqlı idi. Burada startapçı üçün layihəni düzgün təqdim etmək, diqqət yetirilməsi vacib olan məqamları bilmək və s. haqqında maraqlı məlumatlar əldə etdim. Hesab edirəm ki, öyrəndiklərimiz gələcək işlərimizdə bizə çox böyük dəstək olacaq”.


08 noyabr 2015, 18:07:39